Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşları İrlandiya Respublikasında təlim səfərində olmuşlar
14-12-2015


2015-ci il 7 – 9 dekabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin əməkdaşları dövlət idarəedilməsi, dövlət qulluğu sahəsində təlim və inkişaf üzrə İrlandiya təcrübəsinin və onun Azərbaycanda tətbiqi imkanlarının öyrənilməsi məqsədi ilə İrlandiya Respublikasında təlim səfərində olmuşlar.

Təlim səfəri Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında imzalanmış Hərtərəfli İnstitusional Quruculuq Proqramının 3-cü İnstitusional İslahat Planının icrası məqsədi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilən layihə çərçivəsində təşkil edilmişdir.

Təlimlər İrlandiya Dövlət İdarəçilik İnstitutunda, İnstitutun, İrlandiya Məhkəmələr Xidmətinin və İrlandiya Dövlət Xərcləri və İslahatlar Nazirliyinin əməkdaşları tərəfindən keçirilmişdir.

Təlimin birinci günü “İrlandiya dövlət qulluğu sisteminə ümumi baxış”, “İrlandiya Dövlət İdarəçilik İnstitutunun ümumi mandatına baxış, idarəetmə strukturu, cari strategiyası və əsas fəaliyyəti, o cümlədən yüksək vəzifəli dövlət qulluqçuları üçün liderliyin inkişafı” və “İrlandiya Dövlət İdarəçilik İnstitutunun təlim ehtiyaclarının qiymətləndirilməsinə, təlimçilərin seçilməsinə və təlimə cəlb edilənlərin müəyyənləşdirilməsinə yanaşması”, “İrlandiya Məhkəmələr Xidmətində xidmətlərin innovasiyası və təşkilati dəyişikliklərin dəstəklənməsi üçün Öyrənmək və İnkişaf Etmək Strategiyasının təkmilləşdirilməsi” mövzusunda təqdimatla çıxışlar edilmişdir.

Dekabrın 8-i və 9-da “İslahatlar və dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi sahəsində İrlandiya Dövlət Xərcləri və İslahatlar Nazirliyinin rolu və mandatı ilə qısa tanışlıq, Nazirlik tərəfindən təlim strategiyasının inkişaf etdirilməsi və həyata keçirilməsi”, “Təlim metodologiyasına, modulların tərtibi və inkişafına İrlandiya Dövlət İdarəçilik İnstitutunun yanaşması”, “İrlandiya Dövlət İdarəçilik İnstitutunun təhsil, tədqiqat və təlimlərin həyata keçirilməsi yolu ilə yerli özünüidarəetmə sisteminin dəstəklənməsində iştirakına, o cümlədən müəyyən sahə üzrə xidmətlərin göstərilməsi sahəsində roluna baxış,” “Avropa İttifaqına aid təlimlərin həyata keçirilməsində İrlandiya Dövlət İdarəçilik İnstitutunun təcrübəsi” və “İrlandiya Dövlət İdarəçilik İnstitutunun təlimlərin qiymətləndirilməsinə, o cümlədən təlimlərin keyfiyyətinin və təlimçilərin qiymətləndirilməsi sisteminə yanaşması” mövzularında çıxışlar dinlənilmişdir.

Təlim səfərinin əhatə etdiyi bütün mövzular üzrə İrlandiya və Azərbaycan təcrübəsi barədə fikir mübadiləsi aparılmış, dövlət qulluqçularının təlimə cəlb edilməsi və təlimlərin qiymətləndirilməsi sahəsində müasir standartların tətbiqi yolları müzakirə olunmuşdur. Təlimin sonuncu günü İrlandiya Dövlət İdarəçilik İnstitutunun baş direktoru xanım Marian O’Sullivanla görüş keçirilmişdir. Görüşdə xanım M.O’Sullivan rəhbərlik etdiyi İnstitutun fəaliyyəti, dövlət qulluqçularının təlimə cəlb edilməsi, təlimlərin keyfiyyətinin və nəticəliliyinin təmin edilməsi sahəsində görülən işlər barədə məlumat vermişdir. Xanım M.O’Sullivana bu sahədə Azərbaycanda görülən işlər barədə məlumat verilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag