Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşları Polşanın dövlət qurumlarında təcrübə keçmişlər
03-11-2016


2016-cı il 17-28 oktyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Asəf Əliyev, Anar Mirzəyev və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşı Bəxtiyar Musayev Polşanın paytaxtı Varşavada “Şərq Tərəfdaşlığı Dövlət İdarəçiliyi Akademiyası” layihəsi çərçivəsində insan resurslarının idarə edilməsi üzrə təlim kursunda iştirak etmişlər.

Azərbaycanla yanaşı təlim kursuna Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan ölkələrin nümayəndələri də qatılmışlar.

“Şərq Tərəfdaşlığı Dövlət İdarəçiliyi Akademiyası” layihəsi Polşa Respublikasının Xarici İşlər Nazirliyinin həyata keçirdiyi Polşanın İnkişaf üzrə Əməkdaşlıq Proqramının maliyyə dəstəyi ilə Polşanın Dövlət İdarəçilik Milli Məktəbi və Polşa Respublikasının Baş Nazirinin Katibliyinin Dövlət Qulluğu Departamenti tərəfindən təşkil edilmişdir.

Oktyabrın 17-də Dövlət İdarəçilik Milli Məktəbində təlim iştirakçıları üçün Polşanın dövlət qulluğu sistemi, dövlət qulluğuna qəbul, etik davranış qaydaları, dövlət qulluğunda mükafatlandırma barədə, habelə Dövlət İdarəçilik Milli Məktəbinin fəaliyyətini əks etdirən təqdimatlar olmuşdur.

Oktyabr ayının 17-dən - 27-dək Asəf Əliyev Dəmir Yolu Nəqliyyatı İdarəsində, Anar Mirzəyev Polşanın Elektron Rabitə İdarəsində, Bəxtiyar Musayev isə Polşanın Təhsil nazirliyində bu qurumların əsas fəaliyyət istiqamətləri, kadrların seçilməsi, yerləşdirilməsi və qiymətləndirilməsi, insan resurslarının idarə edilməsi, təlimlərin təşkili və ictimaiyyətlə əlaqələr sahəsində əldə etdiyi təcrübə ilə tanış olmuşlar.

Oktyabr ayının 28-də Polşa Respublikasının Baş Nazirinin Katibliyində təlim kursunun başa çatması ilə əlaqədar yekun toplantı keçirilmişdir. Toplantıda Asəf Əliyev, Anar Mirzəyev və Bəxtiyar Musayev öyrəndikləri biliklər əsasında təqdimatlarla çıxış etmişlər.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag