Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşları Polşa və Almaniyada təlimdə olmuşlar

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini – İnsan resurslarının idarəedilməsi sektorunun müdiri Fuad Mayılov, həmin şöbənin Dövlət qulluğuna kadrların seçilməsi sektorunun böyük məsləhətçisi Seymur Alıyev və Beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Anar Mirzəyev 2014-cü il 1-7 iyun tarixlərdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə Polşanın Milli Dövlət İdarəçiliyi Məktəbi və Almaniyanın Dövlət Qulluqçuları üçün Təlim və Araşdırma Akademiyasında keçirilmiş təlimlərdə iştirak etmişlər.

Təlimə Komissiyanın əməkdaşları ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin,  Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq şəbəkəsinin və Azərbaycan Diplomatik Akademiyasının nümayəndələri də cəlb edilmişdir.
Təlimin məqsədi dövlət qulluğu sahəsində təlim və inkişaf üzrə Polşa və Almaniya təcrübəsinin və onların Azərbaycanda tətbiqi imkanlarının öyrənilməsi olmuşdur. Təlimdə “Təlim tələbatının öyrənilməsi”, “Təlim modullarının hazırlanması üçün tələblər”, “Təlimlərin keyfiyyətlərinin və təlimçilərin peşəkarlığın qiymətləndirilməsi”, “Təlim nəticələrinin iştirakçıların işinin keyfiyyətinə təsirinin qiymətləndirilməsi” və digər bu kimi mövzular əhatə olunmuşdur.
Qeyd edək ki, təlim səfəri Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında imzalanmış Hərtərəfli İnstitusional Quruculuq Proqramının 3-cü İnstitusional İslahat Planının icrası məqsədi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən layihə çərçivəsində təşkil edilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag