Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

No 104-Q / 18.09.2014 İnformasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları

No 104-Q / 18.09.2014 İnformasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları


Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT QULLUĞU MƏSƏLƏLƏRİ ÜZRƏ KOMİSSİYASININ QƏRARI

Qəbul edildiyi tarix

18.09.2014

Qeydiyyat nömrəsi

104-Q

Adı

“İnformasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Qüvvəyə minmə tarixi

30.09.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

330.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201409180104

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

29.09.2014

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş” Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 15.9-cu bəndini rəhbər tutaraq Komissiya

qərara alır:

1. “İnformasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları” təsdiq edilsin (əlavə olunur);

2. Hüquq şöbəsinin müdiri Vüqar Əsgərova tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;

3. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Sədr Bəhram Xəlilov

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət Qulluğu Məsələləri üzrə

Komissiyanın 18 sentyabr 2014-cü il tarixli

104-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir

İnformasiya azadlığı ilə bağlı daxili icraat

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrası məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (bundan sonra-Komissiya), habelə ona məxsus elektron informasiya ehtiyatlarında mövcud olan informasiyaların hamı tərəfindən sərbəst və maneəsiz şəkildə, bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə edilməsinin təmin olunması üçün Komissiyanın daxili icraat qaydalarını tənzimləyir.

1.2. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

2. Komissiyanın vəzifələri

2.1. Komissiya öz informasiya ehtiyatlarından hər bir şəxsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təmin edir.

2.2. Komissiya informasiya əldə etmək hüququnun təmin edilməsi məqsədi ilə informasiya məsələləri üzrə məsul şəxs təyin edir. Komissiya informasiya azadlığı üzrə məsul şəxs vasitəsilə Komissiya tərəfindən informasiya xidmətinin göstərilməsinə nəzarət edir.

2.3. Komissiya informasiya sorğusunun icrası ilə bağlı aşağıdakı funksiyaları yerinə yetirir:

2.3.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin edir;

2.3.2. ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verir;

2.3.3. müvafiq informasiyanın əldə edilməsi üçün sorğuçuya kömək göstərir;

2.3.4. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verir;

2.3.5. açıqlamalı olduğu ictimai informasiyanı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlayır;

2.3.6. Komissiyanın fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiyanın yayılmasının qarşısını alır, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlayır;

2.3.7. əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qoruyur;

2.3.8. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun sənədlərin reyestrini (elektron formada) aparır.

2.4. Reyestr “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənədlərin reyestrinin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi Qaydaları”na uyğun olaraq aparılır.

3. İnformasiya əldə etmənin forma və üsulları

3.1 Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir:

3.1.1. Komissiyanın vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi;

3.1.2. sorğunu şəxsən təqdim etmək və ya Komissiyaya poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.

3.2. Sorğuçu yazılı sorğusunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər:

3.2.1. sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olmaqla;

3.2.2. sənədin üzünün köçürülməsi ilə;

3.2.3. Komissiyanın texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi ilə;

3.2.4. sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması ilə;

3.2.5. sənədin surətinin elektron daşıyıcılara köçürülməsi ilə və s.

3.3. Elektron üsullarla göndərilən sorğular yazılı sorğulara qoyulan tələblərə cavab verməlidir.

3.4. Şifahi sorğu şəxsin özünü təqdim etməsi ilə Komissiyanın məsul vəzifəli şəxslərinə bilavasitə verilir və şifahi şəkildə cavablandırılır.

3.5. Savadsızlığı, yaxud fiziki qüsurları səbəbindən yazılı sorğu ilə müraciət edə bilməyən vətəndaşın şifahi sorğusunu Komissiyanın məsul vəzifəli şəxsləri öz adlarını və soyadlarını, tutduqları vəzifəni göstərməklə yazılı şəkildə tərtib etməli və tarixini göstərməklə qeydə almalıdırlar.

4. Komissiyanın informasiyanı açıqlama üsulları

4.1. Komissiya tərəfindən informasiyanın açıqlanması aşağıdakı üsullarla həyata keçirilir:

4.1.1. Komissiyanın fəaliyyəti barədə ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlərin (mətbuat konfransları, ictimai təqdimatlar) keçirilməsi ilə;

4.1.2. Komissiyanın fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının vətəndaşlar arasında təşviq edilməsi məqsədilə həmin aktları anlaşılan sadə dildə izah edən müvafiq nəşrlərin və topluların hazırlanaraq rəsmi internet səhifəsində yerləşdirilməsi ilə;

4.1.3. Komissiyanın fəaliyyəti barədə məlumatların mütəmadi, yenilənmiş əsaslarla rəsmi internet səhifəsində və digər internet informasiya ehtiyatlarında (e-gov.az) yerləşdirilməsi ilə;

4.1.4. Komissiyanın fəaliyyəti barədə gündəlik məlumatların, o cümlədən illik və statistik hesabatların rəsmi internet səhifəsində açıqlanması ilə;

4.1.5. Dövlət proqramları üzrə həyata keçirilmiş işlərin rəsmi internet səhifəsində müvafiq bölmələrində yerləşdirilməsi ilə;

4.1.6. Komissiyanın fəaliyyət istiqamətləri üzrə ictimai əhəmiyyət kəsb edən normativ hüquqi aktların layihələrinin ictimai müzakirəsinin təşkil edilməsi, o cümlədən onların e-gov.az saytında yerləşdirilməsinin təşkil edilməsi ilə;

4.1.7. ictimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi rəsmi internet səhifəsindən istifadə edilməsi ilə (vətəndaşların təklif və rəylərinin qəbul edilməsi, müzakirələrin təşkil edilməsi, interaktiv sual-cavab bölmələrinin yaradılması və s.);

4.1.8. Komissiya öz səlahiyyətlərinə uyğun olaraq həyata keçirdiyi elektron xidmətlər barədə ictimaiyyətin məlumatlandırılması ilə;

4.1.9. Komissiyanın rəhbərliyi və məsul vəzifəli şəxsləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa qəbulunun təşkili ilə;

4.1.10. maarifləndirici materialların nəşri və əhali arasında paylanması, həmçinin video çarxların hazırlanması və televiziyalarda nümayiş etdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə;

4.1.11. informasiya sorğularının “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq cavablandırılması ilə;

4.1.12. etik davranış məsələləri üzrə hazırlanmış illik hesabatların ictimaiyyətə açıqlanması;

4.1.13. Komissiyanın rəsmi internet səhifəsində etik məsələlər üzrə xüsusi bölmənin fəaliyyətinin təmin edilməsi ilə.

4.2. Komissiya tərəfindən ictimai informasiyaları açıqlamaq məqsədi ilə rəsmi internet səhifəsində aşağıdakı məlumatlar yerləşdirilir:

4.2.1. qaynar xəttin nömrəsi;

4.2.2. Komissiyanın əməkdaşlarının rəsmi poçt ünvanları və telefon nömrələri;

4.2.3. Komissiyanın fəaliyyət istiqamətləri üzrə məlumat verməyə məsul bölmələrin telefon nömrələri;

4.2.4. məlumatların təqdim edilməsi üçün yazılı sorğuların verilməsinə dair tələblər;

4.2.5. ən çox verilən suallar üzrə hüquqi aktlardan çıxarışlar;

4.2.6. məlumatların verilməsindən imtina üçün əsaslar.

5. İnformasiya sorğusunun qeydə alınması

5.1. Komissiya informasiya sorğusunu “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə əməl olunmaqla sorğunun daxil olduğu gün qeydə alır.

5.2. İnformasiya sorğusu qeydə alınarkən “İnformasiya əldə etmək haqqında” Qanunun 15.1-ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı məlumatlar da qeyd edilməlidir:

5.2.1. sorğuçunun adı və soyadı, sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə həmçinin hüquqi şəxsin adı;

5.2.2. sənədin daxil olma və ya göndərilmə üsulu (elektron poçt, poçt, telefaks vasitəsilə, yaxud şəxsən təqdim edilməklə);

5.2.3. sənədin növü (informasiya sorğusu, təklif, ərizə və şikayət, normativ xarakterli akt və sair);

5.2.4. sənədin əldə edilməsinə qoyulan məhdudiyyətlər (əgər mövcuddursa);

5.2.5. sorğuya baxılma və ya cavab tələb edən sənədin icrası üçün qanunvericilikdə müəyyənləşdirilmiş müddət, struktur bölmənin adı, habelə cavabı tərtib edən vəzifəli şəxsin adı və soyadı.

5.3. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir:

5.3.1. sorğu anonimdirsə;

5.3.2. sorğu şifahi formada verilmişsə.

5.4. Hüquqi şəxslərin firma nişanları olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallarda sorğu anonim sayılmır.

6. İnformasiya sorğusuna baxılması

6.1. Sorğu Komissiyanın məsul vəzifəli şəxsləri tərəfindən diqqətlə araşdırılmalıdır. Bunun üçün aşağıdakılar dəqiqləşdirilir:

6.1.1. sorğunun “İnformasiya azadlığı haqqında” Qanunun tələblərinə uyğun tərtib olunub-olunmadığı;

6.1.2. tələb olunan informasiyanın informasiya ehtiyatlarında olub-olmadığı;

6.1.3. tələb olunan informasiya informasiya ehtiyatlarında yoxdursa, sorğunun hara göndəriləcəyi;

6.1.4. tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun açıq və ya alınması məhdudlaşdırılan informasiyalara aid olub-olmadığı;

6.1.5. tələb olunan informasiya açıq olmaqla yanaşı alınması məhdudlaşdırılan informasiyanın tərkibinə daxildirsə, həmin informasiyanın ayrılıb verilmə imkanları;

6.1.6. tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun sorğuda göstərilən formada verilməsinin mümkün olub-olmadığı.

6.2. informasiya azadlığı üzrə məsul şəxs araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

6.2.1. tələb olunan informasiyanı verir;

6.2.2. informasiya verilməsindən imtina edir;

6.2.3. sorğunu aidiyyəti informasiya sahibinə göndərir.

6.3. İctimai informasiyaların əldə edilməsinə görə ödəniş tələb olunmur.

7. İnformasiya sorğusuna (yazılı) dair tələblər

7.1. Yazılı informasiya sorğusu yazılı cavablandırılır. Yazılı informasiya sorğusunda aşağıdakılar göstərilməlidir:

7.2.1. sorğu edən hüquqi şəxsin adı və ya fiziki şəxsin adı və soyadı;

7.2.2. müraciət olunan orqanın adı;

7.2.3. informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi);

7.2.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri;

7.2.5. informasiyanın təqdim edilmə forması.

7.3. Yazılı sorğu fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların nümayəndəsi tərəfindən imzalanır.

7.4. Yazılı sorğunu qəbul etməkdən imtina qadağandır.

8. İnformasiya sorğusunun cavablandırılmasının üsul və vasitələri

8.1. Sorğu sorğuçunun istəyi ilə aşağıdakı üsul və vasitələrlə cavablandırıla bilər:

8.1.1. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə;

8.1.2. elektron informasiya daşıyıcısına yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanına göndərməklə;

8.1.3. telefaksla;

8.1.4. şifahi formada;

8.1.5. informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə;

8.1.6. kağız daşıyıcılar üzərində cavab məktubu qoymaqla;

8.1.7. informasiya daşıyıcısının növünü nəzərə almaqla digər üsullarla.

8.2. Sorğu yalnız aşağıdakı hallarda şifahi cavablandırılır:

8.2.1. vəzifəli şəxslərə bilavasitə müraciət edildikdə;

8.2.2. informasiya sorğusu üzrə məlumatlar soruşulduqda;

8.2.3. Komissiyada sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı öyrənildikdə.

9. İnformasiya sorğusunun icrasından imtina

9.1. İnformasiya sorğusunun icrasından aşağıdakı hallarda imtina edilə bilər:

9.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb edildiyi hallarda sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə;

9.1.2. Komissiya sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkildikdə;

9.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.

9.2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq, Komissiya aşağıdakı hallarda sorğunun icrasından imtina edir:

9.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;

9.2.2. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa;

9.2.3. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə;

9.2.4. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.

9.3. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə məlumat verilir.

9.4. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə sorğuçuya cavab 5 iş günü ərzində qanunvericiliyin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir.

9.5. İnformasiya sorğusunun icrasından imtina edildikdə qeydiyyat zamanı aşağıdakı məlumatlar göstərilməlidir:

9.5.1. sorğunun icrasına məsul olan şəxsin adı, soyadı və vəzifəsi;

9.5.2. surəti, tərcüməsi və ya çıxarışları verilmiş sənədlərin rekvizitləri;

9.5.3. sorğunun icra edildiyi və ya icrasından imtina edildiyi tarix;

9.5.4. sorğunun icrasından imtina üçün qanunvericiliklə və bu Qaydalarla müəyyənləşdirilmiş əsaslar.

9.6. İnformasiya sorğusunun icrasından imtina rəsmi qeydə alınır.

9.7. İnformasiya sorğusu icra edildikdə bu Qaydaların 9.5-ci və 10-cu bəndlərinin tələbləri gözlənilir.

10. İnformasiya sorğusunun icra müddəti

10.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

10.2. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

10.3. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir.

10.4. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.

10.5. İnformasiya sorğusunun “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır.

10.6. Komissiyaya həddən çox sorğu daxil olduqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, sorğuçuya məlumat verilməklə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş icra müddəti əlavə olaraq 7 iş günü də uzadıla bilər. Sorğuçuya müddətin uzadılması barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verilməlidir.

11. İnformasiya sorğusunun icra olunmuş sayılması

11. Aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır:

11.1. informasiya sorğuçuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə;

11.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə;

11.3. açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə;

11.4. informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə.

12. İnformasiya azadlığı üzrə məsul şəxs və onun vəzifələri

12.1 Komissiyada informasiya azadlığı üzrə məsul şəxs təyin olunur. İnformasiya azadlığı üzrə məsul şəxs Komissiyanın fəaliyyəti barədə ictimaiyyət üçün açıq olan məlumatlara malik olan, habelə Komissiyaya daxil olan informasiya sorğularını cavablandıran və ya həmin sorğuların icrasını təmin edən vəzifəli şəxsdir.

12.2. İnformasiya azadlığı üzrə təyin edilmiş məsul şəxs sorğunun vaxtında və ya düzgün cavablandırılmamasını rəsmi qaydada araşdırmalı, səbəblərinə aydınlıq gətirilməsini tələb etməli və nəticələrin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməlidir.

12.3. Sorğunu vaxtında və ya düzgün cavablandırmamış struktur bölmənin rəhbəri informasiya azadlığı üzrə məsul şəxsə bununla bağlı rəsmi məlumat verməli, səbəblərinə ətraflı aydınlıq gətirməklə, onun bu barədə müraciətini vaxtında cavablandırmalıdır.

12.4. Komissiyanın informasiya azadlığı üzrə məsul şəxsi aşağıdakı funksiyaları yerinə yetirir:

12.4.1. sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir;

12.4.2. sorğuları bu Qaydalarda nəzərdə tutulmuş şəkildə təmin edir.

12.5. İnformasiya azadlığı üzrə təyin edilmiş məsul şəxs aşağıdakı vəzifələri yerinə yetirir:

12.5.1. informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir;

12.5.2. Komissiyanın rəsmi internet səhifəsi və digər internet informasiya ehtiyatlarının zəruri informasiya ilə təmin edilməsini təşkil edir;

12.5.3. Komissiyanın fəaliyyəti barədə informasiyanın açıqlanması ilə bağlı tədbirlər həyata keçirir;

12.5.4. ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlərin (mətbuat konfransları, ictimai təqdimatlar və brifinqlərin) keçirilməsini təşkil edir;

12.5.5. informasiya məsələləri üzrə rəhbərliyə təqdim olunacaq hesabatları hazırlayır;

12.5.6. informasiya əldə edilməsi ilə bağlı göndərilən şikayətləri araşdırıb qərar qəbul edir.

12.6. İnformasiya məsələləri üzrə rəhbərliyə təqdim olunacaq hesabatda aşağıdakılar göstərilməlidir:

12.6.1. informasiya əldə etmək üçün verilən sorğuların sayı, qismən və ya tam şəkildə təmin edilən sorğuların sayı, imtina edilən sorğuların sayı;

12.6.2. informasiyanın əldə edilməsi ilə bağlı Komissiyaya daxil olan şikayətlər və bu şikayətlərə baxılmasının nəticələri;

12.6.3. informasiya verilməsindən imtina halları ilə bağlı şikayətlər.

13. İnformasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə şikayət

Sorğuçu sorğunun cavablandırılmamasından məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag