Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın nümayəndələri Sinqapurda seminarda iştirak etmişlər

2014-cü ilin 17-19 noyabr tarixlərində Sinqapurda BMT İnkişaf Proqramının (UNDP) Dövlət Qulluğunun Təkmilləşdirilməsi üzrə Ümumdünya Mərkəzinin (Global Centre for Public Service Excellence) təşkilatçılığı ilə “Dövlət Qulluğunun təkmilləşdirilməsi və 2015-ci ildən sonrakı dövrdə qarşıda duran vəzifələr” mövzusunda seminar keçirilmişdir. Seminarın məqsədi 2015-2030-cu illərdə dövlət qulluğunun inkişaf istiqamətlərinin müəyyən edilməsi, hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin və mərkəzin nümayəndələrinin iştirakı ilə həmin məsələlərin həlli yollarının müzakirəsindən ibarət olmuşdur.

Seminarda giriş nitqi ilə BMT İnkişaf Proqramının Dövlət Qulluğunun Təkmilləşdirilməsi üzrə Ümumdünya Mərkəzinin direktoru Max Everest-Phillips, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin (OECD DAC) İnkişaf və sülh üzrə idarəetmə qrupunun rəhbəri Alan Whaites və BMT İnkişaf Proqramının Siyasət və proqram dəstəyi məsələləri üzrə bürosunun direktoru Patrick Keuleers “2015-ci ildən sonrakı dövrdə qarşıda duran vəzifələr və dövlət qulluğunun gücləndirilməsi” mövzusunda çıxış etmişlər.

Tədbirdə həmçinin Dünya Bankının Dövlət və ictimai sahənin idarəedilməsi üzrə sabiq müdiri Nick Manning “Dövlət qulluğu islahatlarının çox hallarda uğursuzluqla nəticələnməsinin səbəbləri”, “Cognitive Edge” təşkilatının rəhbəri Dave Snowden “İnkişaf etməkdə olan ölkələrdə mürəkkəblik və dövlət qulluğunun təkmilləşdirilməsi - Kim şərh etmə gücünə malikdir?” mövzularında çıxışlar etmişlər.

Kanadanın Dövlət İdarəetməsi İnstitutunun prezidenti Maryantonett Flumian “Dövlət Qulluğunun təkmilləşdirilməsi və 2015-ci ildən sonrakı dövrdə dövlət qulluğunun inkişaf istiqamətləri” mövzusunda təqdimatla çıxış edərək dövlət qulluğunda motivasiyanın, innovasiyaların və liderlik məsələlərinin əhəmiyyətini vurğulamış və bu məsələlərin gələcək fəaliyyətdə diqqət yetirilməli olan sahələr olduğunu qeyd etmişdir.

Seminarda Böyük Britaniya, Kanada, Çin, Qazaxıstan, Hindistan, Pakistan, Malayziya, Vyetnam, Filippin, Tailand, Maldiv, Şri-Lanka, Banqladeş, Butan, Bəhreyn, Kamboca, Efiopiya, Ruanda, Yamayka və s. ölkələrin nümayəndələri iştirak etmişlər.

Seminarda Azərbaycandan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov və Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov iştirak etmişlər. Komissiyanın nümayəndələri panel müzakirələrdə iştirak etmiş və Azərbaycan Respublikasında dövlət qulluğunda aparılan islahatlar, yeni çağırışlar (inkişaf meylləri) barədə tədbir iştirakçılarına məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışlar.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag