Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Dövlət Qulluğu Məcəlləsi” layihəsinə dair keçirilmiş ictimai müzakirədə verilmiş təkliflər

24 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən “Dövlət Qulluğu Məcəlləsi” layihəsinin ictimai dinləmə və ictimai müzakirəsi ilə bağlı yığıncaq keçirilmişdir. İctimai dinləmənin məqsədi layihəyə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması, habelə məcəllə layihəsinin qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin nəzərə alınması olmuşdur. İctimai dinləmədə dövlət orqanlarının səlahiyyətli nümayəndələri, mütəxəssis və ekspertlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov qeyd etmişdir ki,¬¬ dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə “Dövlət Qulluğu Məcəlləsi”nin ilkin layihəsi hazırlanmış və dövlət orqanlarına təqdim edilmişdir. V.Əsgərov bildirmişdir ki, dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər də nəzərə alınmaqla layihədə dövlət qulluğunun prinsipləri, dövlət qulluğunda ixtisas dərəcəsi, dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, intizam tənbehi tədbirləri, dövlət qulluğundan kənarlaşdırma, dövlət qulluğunda ehtiyat kadrlar, dövlət qulluğunda əlavə təhsil, dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət, dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqinə nəzarət məsələləri Komissiya tərəfindən yenidən işlənərək təkmilləşdirilmişdir.

Tədbirdə Nəqliyyat Nazirliyinin nümayəndəsi Ramiz Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri Mirzəyeva Dürdanə, Vergilər Nazirliyinin baş məsləhətçisi Nərmin Mirzəyeva, Ədliyyə Akademiyasının baş məsləhətçi Qalib Məmmədov, “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın sədri Sahib Məmmədov, “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli və digər iştirakçılar çıxış etmişlər.

“Dövlət Qulluğu Məcəlləsi” layihəsinin ictimai dinləməsi ilə bağlı keçirilən yığıncaqda tədbir iştirakçıları tərəfindən sözügedən məcəllənin maddələri ilə bağlı bir sıra təkliflər irəli sürülmüş və dövlət qulluğunun prinsipləri, xüsusi növ dövlət qulluğu, dövlət qulluqçusunun əsas hüquqları, dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər, dövlət qulluğuna qəbulun ümumi qaydası, rotasiya, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluqçusunun attestasiyası, dövlət qulluqçusuna intizam tənbehi tədbirinin tətbiq edilməsi qaydası, dövlət qulluqçularının pensiya təminatı və digər məsələlərlə bağlı verilən təkliflər ətrafında müzakirələr aparılmışdır.

Ədliyyə Akademiyasının baş məsləhətçisi Qalib Məmmədov yığıncaqda çıxış edərək Məcəllə layihəsinin 2.4-cü maddəsinə dövlət orqanlarında işləyən ixtisassız işçilərin də daxil edilməsini, 8.0.11-ci (siyasi partiyalara və ictimai birliklərə üzv olmaq, o cümlədən həmkarlar ittifaqlarında birləşmək)və 9.1.5-ci (qulluq funksiyalarını icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə) maddələrdə nəzərdə tutulmuş hüququn və məhdudiyyətin bir birilə ziddiyyət təşkil etməsi ilə əlaqədar həmin məsələnin ya hüquq , ya da məhdudiyyət kimi saxlanmasını, 1.0.4-cü maddədə (xüsusi növ dövlət qulluğu – müdafiə, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, fövqəladə hallar, xüsusi dövlət mühafizə, sərhəd, miqrasiya, səfərbərlik və hərbi xidmətə çağırış xidməti, daxili işlər, gömrük, vergi, feldyeger rabitəsi və xarici işlər orqanlarında hərbi, xüsusi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə qulluq) qeyd olunduğunu nəzərə alaraq 2.3-cü maddənin məzmunundan “, habelə hərbi qulluqçulara” sözlərinin çıxarılmasını, rotasiyanın anlayışının əsas anlayışlar adlanan 1-ci maddədə verilməsini təklif etmişdir.

“Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev dövlət qulluğunun 3 əsas prinsip-qanunçuluq, demokratizm və peşəkarlıq prinsipləri üzərində qurulmasının vacibliyindən danışmış, Məcəllə layihəsinin 27.1-ci maddəsində əks olunmuş “operativlik” anlayışının abstrakt məna daşıdığından çıxarılmasını, dövlət qulluqçusunun andı ilə bağlı olan 32.1-ci maddənin məzmununa “Vətənə (və ya dövlətə) sədaqət hisslərini ifadə edir” sözlərinin əlavə olunmasını, müddətli həqiqi hərbi xidmət keçməyənlərin dövlət qulluğuna qəbul olunmasının məhdudlaşdırılmasını təklif etmişdir.

“Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli layihənin 1.0.4-cü maddədə qeyd olunmuş xüsusi növ dövlət qulluğunun əhatə etdiyi orqanların çərçivəsinin azaldılmasını, həmin növdə yalnız milli təhlükəsizlik və müdafiə orqanlarının saxlanılmasını, 37.2-ci maddədə dispozitiv norma kimi nəzərdə tutulmuş attestasiya komissiyasının tərkibinə müstəqil ekspertlər “daxil edilə bilər” ifadəsinin imperativ norma olan “daxil edilməlidir” ifadəsi ilə əvəz olunmasını, dövlət qulluğuna qəbul zamanı şəhid ailələri və Qarabağ müharibəsi əlilləri və onların övladları üçün güzəştlərin müəyyən edilməsini, Məcəllənin müddəalarının yerinə yetirilməməsinə görə konkret məsuliyyət tədbirlərinin müəyyən edilməsini təklif etmişdir.

“Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın sədri Sahib Məmmədov Məcəllə layihəsinin mətnində “əlil” sözünün “əlilliyi olan şəxs” sözü ilə əvəz olunmasını təklif etmiş, 79.3-cü maddədə əks olunmuş “dövlət orqanlarında normal qulluq vaxtı ayda əvəzi ödənilmədən 5 saata qədər artırıla bilər” müddəasının Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq konvensiyaların məcburi əməyə cəlb edilmənin yolverilməzliyi ilə bağlı müddəalarına zidd olduğunu nəzərə alaraq bu müddəanın çıxarılmasını məqsəsədəuyğun hesab etmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Dürdanə Mirzəyeva çıxış edərək, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiqinə başlandığını nəzərə alaraq attestasiya ilə bağlı müddəaların layihədən çıxarılmasını, layihənin 8-ci fəslində qeyd olunmuş dövlət qulluqçusuna münasibətdə tətbiq olunan intizam tənbehi tədbirlərinin qüvvədə olma müddətlərinin dəqiqləşdirilməsini, təminatlarla bağlı müddəalarda 1 il müddətinədək azadlıqdan məhrumetmə deyil, digər cəza növlərinə məruz qalmış şəxslərin təminatının saxlanmasını, orta aylıq əmək haqqı anlayışının dəqiqləşdirilməsini, 72.4-cü maddədə qeyd olunmuş yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar dövlət qulluğuna xitam verilərkən, digər əmək pensiyası növünün təyin edilməsindən asılı olmayaraq, habelə səhhəti və əlil olması ilə bağlı dövlət qulluqçusunun dövlət qulluğunda qulluq keçməsinə xitam verilərkən, ona dövlət qulluqçusu kimi təyin olunmuş aylıq əmək pensiyasının 12 misli məbləğində verilən birdəfəlik müavinətlə əlaqədar yaş həddinin dəqiq müəyyən edilməsini, staj müddətində qismən ödənişli sosial məzuniyyətə gedən şəxslərlə bağlı staj müddətinin hesablanması ilə əlaqədar müddəaların layihəyə daxil edilməsini təklif etmişdir.

İqtisad Universitetinin müəllimi Ramal Əzizov dövlət qulluqçularına elmi dərəcəyə görə əlavə haqqın müəyyən edilməsini təklif etmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin böyük məsləhətçisi Ramil Mirzəzadə Məcəllə layihəsində staj müddətində olan şəxslərin məzuniyyət məsələlərinin tənzimlənməsi ilə bağlı məsələlərin dəqiq və hərtərəfli müəyyənləşdirilməsini, həmçinin 18.15-ci maddədə qeyd olunmuş “Elmi dərəcəsi olan, orden və medalla təltif edilmiş, dövlət qulluğunda 15 ildən cox qulluq stajı olan və səmərəli fəaliyyət göstərən dövlət qulluqçularına vəzifələri üzrə nəzərdə tutulan ixtisas dərəcələrindən bir pillə yuxarı ixtisas dərəcəsi verilə bilər” dispozitiv deyil, imperativ norma kimi nəzərdə tutulmasını təklif etmişdir.

Nəqliyyat Nazirliyinin baş məsləhətçisi Ramiz Babayev Məcəllə layihəsində müəyyən edilmiş prosedurlarla bağlı dəqiq icra mexanizmlərinin, yaxud həmin icra mexanizmləri ilə bağlı əsas prinsiplərin müəyyən edilməsini, dövlət qulluğuna qəbul zamanı yalnız məhkumluğu ödənilmiş şəxslərin iştirakının mümkünlüyünü ifadə edən normanın əlavə olunmasını, etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması ilə bağlı məsələləri əhatə edən 23-cü fəsildə dinləmələrlə bağlı müddəaların çıxarılmasını, blanket (göndəriş) normaların minimuma endirilməsini, yardımçı vəzifə tutan dövlət qulluqçularının məzuniyyət müddətlərinin dəqiq müəyyənləşdirilməsini, dövlət qulluğunda məharət dərəcələrinin müəyyən edilməsini, dövlət qulluğuna bərpa ilə bağlı məsələlərin hərtərəfli əks olunmasını təklif etmişdir.

Vergilər Nazirliyinin böyük hüquqşünası Anar Rzayev Məcəllə layihəsinin etik şikayətlərin araşdırılması ilə bağlı müddəalarında “İnzibati icraat” haqqında Qanundan başqa, korrupsiya şikayətlərinin araşdırılmasının xüsusiyyətləri nəzərə alınaraq “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Qanunun da müvafiq müddəasına istinad verilməsini təklif etmişdir.

Vergilər Nazirliyinin baş mütəxəssisi Nərmin Mirzəyeva layihənin 1.0.13-cü maddəsində qeyd olunmuş “

dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi – bu Məcəllədə nəzərdə tutulan meyarlar əsasında dövlət qulluqçusunun xidməti fəaliyyətinə qiymətin verilməsi məqsədilə keçirilən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin bir növü” müddəasında “qiymətin verilməsi” sözlərindən sonra “və onun potensialınının üzə çıxarılması” sözlərinin əlavə edilməsini, 137.1-ci maddədə “Nəzarət orqanını təmsil edən nümayəndələr hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsinə malik olmalıdır” müddəasında hüquq stajının 5 ildən 3 ilədək azaldılmasını, 8.0.13-cü maddədə qeyd olunmuş dövlət qulluqçusunun “dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlimlərdə iştirak etmək” ifadəsinin “öz hesabına təhsil almaq və müvafiq təlimlərdə iştirak etmək” ifadəsi ilə əvəz olunmasını təklif etmişdir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Elşən Cəbrayılov Məcəllə layihəsinin 3.0.8-ci maddəsində (vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında qəbul edilməsi) Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin də nəzərə alınmasını təklif etmişdir.

Vətəndaş Mahir İslamov dövlət qulluğuna müsabiqə yolu ilə qəbul zamanı test mərhələsində yüksək bal toplamış namizədlərə müsahibə mərhələsində əlavə üstünlüklərin (balların) verilməsi ilə bağlı məsələnin Məcəllə layihəsinə daxil edilməsini təklif etmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag