Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 283-IIQ / 29.03.2002 (12.05.2002) «Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında» Əsasnamənin təsdiq edilməsi barədə

«Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında» Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında» Əsasnamə təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2002-ci il
№ 283-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 may 2002-ci il, № 107). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 217).
4 noyabr 2003-cü il tarixli, 506-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 78-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 623-IIIQD nömrəli 28 aprel 2009-cu il tarixli, 807-IIIQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə.

 



 

Azərbaycan Respublikasının
2002-ci il 29 mart tarixli
283-IIQ nömrəli Qanunu ilə
TƏSDIQ EDILMIŞDIR

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında
ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası (bundan sonra — «Şura») «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq həmin Qanunun tətbiqinə nəzarəti və dövlət qulluğunun normativ-metodik təminatını həyata keçirir, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyənləşdirir.
1.2. Şura «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən 18 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir.
1.3. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.4. Şura öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri ilə qarşılıqlı əlaqədə qurur və mütəmadi olaraq onları özünün fəaliyyəti haqqında məlumatlandırır.

II. Şuranın əsas funksiyaları


2.1. Şura aşağıdakı əsas funksiyaları həyata keçirir:
2.1.1. vahid dövlət kadr siyasətinin formalaşdırılmasında iştirak;
2.1.2. dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi;
2.1.3. dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi;
2.1.4. dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların və metodik göstərişlərin layihələrinin hazırlanması və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
2.1.5. dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodik işinin əlaqələndirilməsi;
2.1.6. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda dövlət qulluqçularının şikayətlərinə baxılması;
2.1.7.
dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması;

2.1.8. dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət edilməsi;
2.1.9. dövlət qulluğunun təşkili və səmərəliliyinin artırılması məsələləri ilə əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak.
2.1.10. (Çıxarılıb).

III. Şuranın fəaliyyətinin təmin edilməsi


3.1. Öz funksiyalarını həyata keçirmək məqsədi ilə Şura:
3.1.1. müvafiq dövlət hakimiyyəti orqanlarından zəruri materialları sorğu edir və alır;
3.1.2. dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların və metodik göstərişlərin layihələrini hazırlayır, müvafiq dövlət hakimiyyəti orqanlarının nümayəndələrini, alimləri və mütəxəssisləri bu işə cəlb edir;
3.1.3. dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətini və səmərəliliyini təhlil edir;
3.1.4. əmək qanunvericiliyinin və dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi, o cümlədən əmək intizamının pozulması və əmək mübahisələri ilə bağlı vəziyyəti öyrənir və ümumiləşdirir;
3.1.5. dövlət qulluqçularının fəaliyyətinin səmərəliliyinin artırılması yollarını araşdırır və bununla bağlı tədbirlər (təkliflər) hazırlayır;
3.1.6. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət qulluqçularının şikayətlərinə baxır.
3.2. Şuranın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Şuranın sədri həyata keçirir. Şuranın sədri onun tərkibindən Şura üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
3.3. Şuranın iclasları mütəmadi olaraq, lakin iki ayda bir dəfədən az olmayaraq keçirilir. Zərurət olduqda Şuranın fövqəladə iclasları çağırıla bilər. Şuranın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın müzakirə etdiyi məsələlərə dair qərarları Şuranın iclasında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı xüsusi rəyi olan Şuranın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.
3.4. Şura özünün Reqlamentini təsdiq edir.
3.5. Şurada kargüzarlığın təşkili məqsədi ilə katiblik yaradılır. Şuranın katibliyinin işini Şuranın iclasında Şura üzvlərinin sadə səs çoxluğu ilə seçilən katib təşkil edir. Katibliyin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.
3.6. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.
3.7. Şuranın üzvləri özlərinin fəaliyyətində müstəqildirlər.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag