Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 571 / 03.09.2001 (01.09.2001) Dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 sentyabr 2001-ci il

№ 571

2003-cü il 4 avqust tarixli 912 nömrəli; 2005-ci il 28 dekabr tarixli 342 nömrəli fərmanlara əsasən əlavə və dəyişikliklərlə

Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 3 sentyabr tarixli

571 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında

ƏSASNAMƏ

1. Bu Əsasnamə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmış və dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi ilə əlaqədar yaranmış məsələləri tənzimləyir.

2. Hər bir dövlət qulluqçusunun ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsinə və yaxud lazımi şəkildə yerinə yetirilməməsinə, həmçinin «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə barəsində tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət vermək hüququ vardır.

3. Tətbiq olunmuş intizam tənbehi tədbirinin ləğv edilməsi üçün dövlət qulluqçusu 7 gün ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (bundan sonra – Komissiya) şikayət verə bilər. Dövlət qulluqçusunun xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

4. Şikayətlər Komissiyanın rəhbərinə yazılı şəkildə təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

4.1. əmək kitabçasından çıxarış;

4.2. intizam tənbehinin verilməsi haqqında əmrin surəti;

4.3. intizam tənbehi verilməzdən əvvəl dövlət qulluqçusundan alınmış izahat.

5. Komissiyanın rəhbəri şikayətə rəsmi daxil olduğu gündən sonra 10 gün ərzində baxır.

6. Komissiya tətbiq edilmiş intizam tənbehi tədbirinin ləğvi, yaxud qüvvədə qalması barədə müvafiq qərar qəbul edir.

7. Dövlət qulluqçusu və ya intizam tənbehi tədbirini tətbiq etmiş dövlət orqanının rəhbəri Komissiyanın qərarı ilə razılaşmadıqda bu qərardan 7 gün müddətində Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına yazılı şəkildə şikayət verə bilər. Şikayətə yuxarı dövlət qulluğunu idarəetmə orqanının qərarı və 4-cü bənddə qeyd edilən digər sənədlər əlavə olunur.

8. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası şikayət rəsmi daxil olduğu gündən sonra 15 gün müddətində şikayətə baxır.

9. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası tətbiq edilmiş intizam tənbehi tədbirinin, habelə bu məsələyə dair Komissiyanın qərarının ləğvi, yaxud qüvvədə saxlanması barədə müvafiq qərar qəbul edir. Bu qərarın icrası intizam tənbehi tədbirini tətbiq etmiş dövlət orqanı və Komissiya üçün məcburidir.

10. Şikayət təqdim edilən Komissiyanın və ya Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tələbi ilə şikayətlə əlaqədar müvafiq dövlət orqanından əlavə sənədlər tələb oluna bilər.

11. Dövlət qulluqçusu Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının qərarı ilə razılaşmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

12. Dövlət qulluqçusu intizam tənbehi verilərkən qanunvericiliyin tələblərini və onun hüquqlarının pozulduğunu iddia edərsə, Komissiyaya müraciət etmədən birbaşa məhkəməyə müraciət edə bilər.

 

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag