Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 194 / 07.02.2005 «Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın və «Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları»nın təsdiq edilməsi haqqında

«Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın və «Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları»nın təsdiq edilməsi haqqında

 

Dövlət qulluqçularının əmək pensiyası təminatı məqsədi ilə qərara alıram:

1. «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları» təsdiq edilsin (Əlavə 1).

2. «Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları» təsdiq edilsin (Əlavə 2).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 6-cı bəndində nəzərdə tutulmuş vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə təkliflərini təqdim etsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş qaydalar Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavini, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.

5. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş Qaydalar 2005-ci il yanvarın 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 fevral 2005-ci il

№ 194

 

2007-ci il 23 noyabr tarixli 669 nömrəli fərmana əsasən əlavə və dəyişikliklərlə

 

 

Əlavə 1

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 7 fevral tarixli

194 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət

məvacibinin hesablanması

QAYDALARI

 

1. Bu Qaydalar əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.

3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.

4. Əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir.

5. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.

6. Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.

7. Əmək pensiyası təyin olunduqdan sonra yenidən dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçusu vəfat etdikdə, onun ailəsinə əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibi əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin arzusu ilə, vəfat etmiş dövlət qulluqçusunun və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının əmək pensiyası təminatına uyğun olaraq bu Qaydalarda göstərilənlərə əsasən müəyyən edilir.

8. Dövlət qulluqçularına əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun:

8.1. 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal;

8.2. 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar;

8.3. 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır.

9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.

10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır.

11. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.

12. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

 

Əlavə 2

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 7 fevral tarixli

194 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması

QAYDALARI

 

1. Bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir.

2. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq, bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır.

3. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur.

4. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla, dövlət məvacibi yenidən hesablanır.

5. Təyin olunmuş əmək pensiyası dövlət məvacibinin məbləği təqvim ayının 15-dək artırıldıqda, həmin ayın 1-dən, 15-dən sonra artırıldıqda isə, növbəti ayın 1-dən yenidən hesablanır.

6. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gün daxil olmaqla, azı 5 il dövlət qulluğu stajına malik olan şəxslər öz xahişləri ilə işdən çıxdıqları vaxt əmək pensiyası yaşına çatmışlarsa və ya həmin vaxt əlil olmuşlarsa, müvafiq qanunvericiliyə uyğun olaraq aldıqları əmək pensiyaları onların öz arzuları ilə dövlət qulluqçusu kimi
əmək pensiyası təminatı üçün
yenidən hesablanır.

7. Dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının vəfatı ilə bağlı onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin əmək pensiyası yenidən hesablandıqda, həmin ailə üzvlərinə əvvəllər hesablanmış əmək pensiyasının ödənişi dayandırılır və ailə başçısını itirməyə görə əmək pensiyası ailə üzvlərinin sayma bərabər bölünməklə müəyyən edilir. Ailə üzvlərindən biri öz arzusuna əsasən digər əmək pensiyası aldıqda, digər ailə üzvlərinin əmək pensiyası həmin ailə üzvünün payı çıxılmaqla yenidən hesablanır.

8. Vəfat etmiş dövlət qulluqçusunun və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının ailəsinə təyin olunmuş əmək pensiyası ailə üzvü vəfat etdikdə, dövlət qulluqçusunun, yaxud əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, dövlət qulluqçusunun, yaxud əmək pensiyaçısının qızı (oğlu) müəyyən yaş həddinə çatdıqda, yenidən hesablanır. Bu zaman əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu itirən ailə üzvünə hesablanmış hissəsi belə hüququ olan digər ailə üzvləri arasında bərabər bölünür.

9. Dövlət qulluqçusu, yaxud dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdən sonra onun uşağı doğulduqda ailə üzvlərinə təyin edilmiş əmək pensiyası yenidən hesablanır. Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin sayından asılı olmayaraq, onlara hesablanmış əmək pensiyası dövlət qulluqçusunun, yaxud əmək pensiyaçısının ölümündən sonra doğulmuş uşaq da nəzərə alınmaqla, ailə üzvləri arasında bərabər bölünür.

10. Qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə, əmək pensiyasını təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir.

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag