Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 432 / 27.07.2006 «Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları»nın təsdiq edilməsi barədə

«Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları»nın

təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının dövlət qulluğu üçün müasir tələblərə cavab verən kadr potensialının yaradılması, idarə olunması və ondan səmərəli istifadə edilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarının rəhbərləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirləri həyata keçirsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət qulluğunda ehtiyat kadrların formalaşdırılması işinin təşkili üçün zəruri olan maliyyə vəsaitinin 2007-ci ildən başlayaraq növbəti büdcə illəri üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyul 2006-cı il

№ 432

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 27 iyul tarixli

532 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması

QAYDALARI

I. Ümumi müddəalar

1. Bu Qaydalar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa, dövlət qulluğu və kadrlarla iş sahəsinə aid olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının ikinci-yeddinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-beşinci təsnifatlarına aid dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması işini tənzimləyir.

2. Dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılmasında məqsəd mövcud kadr potensialının səmərəli istifadəsini, kadrların düzgün seçilməsini və yerləşdirilməsini, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılmasını, hərtərəfli inkişafı üçün şəraitin yaradılmasını və onların iş fəallığının həvəsləndirilməsini təmin etməkdir.

3. Ehtiyat kadrların formalaşdırılması dövlət orqanlarının kadr siyasətinin tərkib hissəsidir və bu iş öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə dövlət qulluğu vəzifələrini tutmağa layiq olan kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin müntəzəm olaraq hərtərəfli inkişaf etdirilməsi üzərində qurulur.

4. Ehtiyat kadrlar siyahısında olan namizədlərin müvafiq vəzifələrə təyin edilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələbləri nəzərə alınmaqla aparılmalıdır.

5. Ehtiyat kadrların formalaşdırılması işi müvafiq dövlət orqanının illik iş planına uyğun olaraq aparılır və bu iş bilavasitə dövlət orqanının rəhbərinin, struktur bölmə rəhbərlərinin iştirakı ilə kadr qurumları tərəfindən təşkil edilir.

6. Ehtiyat kadrların formalaşdırılması işinə digər təşkilatlar və müstəqil ekspertlər cəlb edilə bilər.

 

II. Ehtiyat kadrların formalaşdırılması işinin prinsipləri

7. Ehtiyat kadrların formalaşdırılması işinin əsasını dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə ciddi əməl edilməsi, seçilmiş namizədlərin fərdi qulluq keyfiyyətlərinin və xidməti fəaliyyətinin nəticələrinin obyektiv qiymətləndirilməsi, onların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun rəhbər vəzifəsini tutmaqda hüquq bərabərliyi, kadrların peşəkarlığının artırılması, təcrübəli və gənc perspektivli kadrların irəli çəkilməsi və rotasiyası, kadrlarla işə aid məsələlərdə aşkarlıq və şəffaflıq prinsipləri təşkil etməlidir.

8. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin nəticələrinin və onun irəli çəkilməsi perspektivlərinin obyektiv qiymətləndirilməsi hər bir dövlət qulluğu vəzifəsi üçün qanunvericilikdə müəyyən edilmiş xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin tələblərinə əsaslanmalıdır.

9. Ehtiyat kadrların formalaşdırılması zamanı namizədlərin peşəkar bilikləri, xidməti vəzifəsinə və əmək intizamına münasibəti, qavrama, ziddiyyətləri həlletmə, təşkilatçılıq və planlaşdırma qabiliyyətləri, yaradıcılıq və təşəbbüskarlıq bacarığı nəzərə alınmalıdır.

10. Ehtiyat kadrların seçilməsi zamanı onların rəhbər işçilər üçün vacib olan strateji planlaşdırma, təhlil və proqnozlaşdırma qabiliyyətlərinə, idarəetmə, kollektivdə nüfuz və ruhlandırma bacarığına, komanda qurma təcrübəsinə diqqət yetirilməlidir.

11. Ehtiyat kadrların formalaşdırılması işində fərdi yanaşmaya üstünlük verilməlidir, hər bir namizədin öz xidməti və şəxsi keyfiyyətlərini inkişaf etdirmək, aşkar edilmiş nöqsanları aradan qaldırmaq bacarığı nəzərə alınmalıdır.

12. Ehtiyat kadrların seçilməsi zamanı onların yaş həddi və səhhətinin vəziyyəti nəzərdən keçirilir.

 

III. Ehtiyat kadrların formalaşdırılması qaydası

13. Ehtiyat kadrların formalaşdırılması cari xidməti fəaliyyəti müsbət qiymətləndirilən dövlət qulluqçusunun bilavasitə rəhbərinin təqdimatı əsasında bu Qaydaların II hissəsində göstərilən prinsip və tələblərə uyğun həyata keçirilir.

14. Dövlət orqanlarında ehtiyat kadrların formalaşdırılması sektor müdiri vəzifəsi daxil olmaqla, həmin vəzifədən daha yüksək olan dövlət qulluğunun rəhbər vəzifələri üçün nəzərdə tutulur.

15. Bu Qaydaların 14-cü bəndində göstərilən dövlət qulluğunun vəzifələri üçün ən azı iki namizəd seçilir.

16. Ehtiyat kadrlar siyahısına daxil edilən dövlət qulluqçularının ixtisas dərəcələri müvafiq vəzifəyə uyğun gələn ixtisas dərəcəsinin təsnifatından ən çoxu iki təsnifat aşağı ola bilər.

Namizədlərin arasında digər dövlət orqanlarında çalışan dövlət qulluqçuları da ola bilər.

17. Ehtiyat kadrların siyahılarının hazırlanması dövlət orqanlarının və ya onların struktur bölmələri rəhbərlərinin təqdimatları əsasında bu orqanların kadr qurumları tərəfindən həyata keçirilir və hər ilin yanvar ayında dövlət orqanının rəhbəri tərəfindən təsdiq edilir.

18. Dövlət qulluqçusunun ehtiyat kadrların siyahısına daxil edilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrini aparan dövlət orqanına məlumat verilir və dövlət qulluqçusunun şəxsi işində müvafiq qeydlər edilir.

 

IV. Ehtiyat kadrlarla işin təşkili

19. Rəhbər vəzifələr üçün hazırlıqlı kadr ehtiyatının yaradılması məqsədilə dövlət orqanlarında hər bir namizəd üzrə illik fərdi iş planı tərtib edilməlidir. Fərdi iş planı təqvim ilinin əvvəlində namizədin bilavasitə rəhbəri tərəfindən onun iştirakı ilə tərtib edilir və həmin planın bir nüsxəsi dövlət orqanının kadr qurumunda nəzarət üçün saxlanılır.

20. Fərdi iş planında nəzərdə tutulan tədbirlərin tərkibi müvafiq vəzifənin ixtisas tələbləri, xüsusiyyətləri, dövlət qulluqçusunun hazırlıq səviyyəsi ilə əlaqələndirilir. İş planında göstərilən tədbirlər işçinin xidməti vəzifəsi çərçivəsindən kənara çıxmamalıdır, onların qiymətləndirilmə meyarları obyektiv olmalı, icra müddətləri isə dəqiq müəyyən edilməlidir.

21. Namizədlərin potensial imkanlarının öyrənilməsi və obyektiv qiymətləndirilməsi, onların rəhbər işə hazırlanması, tabeçiliyində olan işçilərin xidməti fəaliyyətini təşkil etmək, kollektivdə yüksək mənəvi-psixoloji şərait yaratmaq qabiliyyətlərinin inkişafı məqsədilə fərdi iş planında xüsusi tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər ixtisasartırma, təkmilləşdirmə və əlavə təhsilin müxtəlif formalarını əhatə edə bilər. Zərurət yarandıqda namizədin digər dövlət orqanlarında və xarici ölkələrdə təcrübə keçməsi planlaşdırıla bilər.

22. Təqvim ilinin sonunda hər bir namizəd fərdi iş planına uyğun görülmüş işlər haqqında bilavasitə rəhbərinə hesabat verməli və onun bir nüsxəsi dövlət orqanının kadr qurumuna təqdim edilməlidir.

23. Hesabatın nəticələri əsasında namizədlərin vəzifədə irəli çəkilməsi barədə və ya ehtiyat kadrlar siyahısında saxlanılması, yaxud həmin siyahıdan çıxarılması haqqında qərar qəbul edilməlidir.

Dövlət qulluqçusunun eyni bir vəzifəyə namizəd qismində ehtiyat kadrlar siyahısında saxlanılması beş illə məhdudlaşdırılır.

24. Namizədin ehtiyat kadrlar siyahısından çıxarılması haqqında qərar qəbul edildiyi təqdirdə bu barədə Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrini aparan dövlət orqanına məlumat verilir və dövlət qulluqçusunun şəxsi işində müvafiq qeydlər edilir.

 

V. Ehtiyat kadrların formalaşdırılmasına cavabdeh şəxslərin və qurumların vəzifələri

25. Ehtiyat kadrların formalaşdırılmasında dövlət orqanı rəhbərinin əsas vəzifələri aşağıdakılardır:

25.1. rəhbər vəzifələr üçün keyfiyyətli kadrların seçilməsi və yerləşdirilməsi işini təşkil etmək və bu işi dövlət orqanının kadr qurumu vasitəsilə nəzarətdə saxlamaq;

25.2. şöbə müdiri vəzifəsi daxil olmaqla yüksək vəzifələrə (o cümlədən, tabeliyində olan digər dövlət orqanlarında vəzifələrə) təqdim edilmək üçün nəzərdə tutulan ehtiyat kadrların formalaşdırılmasında bilavasitə iştirak etmək.

26. Ehtiyat kadrların formalaşdırılmasında dövlət orqanının kadr qurumunun əsas vəzifələri aşağıdakılardır:

26.1. dövlət orqanının rəhbəri tərəfindən və ya onun təqdimatı, yaxud razılığı ilə rəhbər vəzifələrə (o cümlədən, tabeliyində olan digər dövlət orqanlarında vəzifələrə) təyin edilən ehtiyat kadrların formalaşdırılması işini təşkil etmək, bu kadrların fərdi iş planlarının tərtibini nəzarətdə saxlamaq;

26.2. müvafiq təqdimatlar əsasında ehtiyat kadrlar siyahılarını hazırlamaq, namizədlərin fərdi iş planlarının tərtibinə və onların yerinə yetirilməsinə nəzarət etmək;

26.3. ehtiyat kadrların formalaşdırılması işində ixtisasartırma, təkmilləşdirmə və əlavə təhsilin digər formalarının tətbiqinə dair təkliflərin hazırlanmasında və onların həyata keçirilməsində iştirak etmək;

26.4. ehtiyat kadrların formalaşdırılması işinin vəziyyəti haqqında illik hesabatı dövlət orqanının rəhbərinə təqdim etmək.

27. Ehtiyat kadrların formalaşdırılmasında dövlət orqanının struktur bölmələri rəhbərlərinin əsas vəzifələri aşağıdakılardır:

27.1. ehtiyat kadrlarla işi planlaşdırmaq, təşkil etmək və onu mütəmadi olaraq nəzarətdə saxlamaq;

27.2. ehtiyat kadrların ilkin siyahılarının, namizədlərin fərdi iş planlarının və müvafiq hesabatlarının kadr qurumuna təqdim olunmasını təmin etmək;

27.3. dövlət orqanının kadr qurumu ilə birlikdə ehtiyat kadrların siyahılarına salınmış dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək.

 

VI. Ehtiyat kadrların formalaşdırılması işinin maliyyə mənbəyi

28. Ehtiyat kadrların formalaşdırılması işinin maliyyə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsindən hər bir dövlət orqanına ayrılan vəsait və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

 

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag