Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

No 171/ 29.06.2009 Müsahibənin nəticəsindən narazı qalan şəxslərin apellyasiya şikayətinə baxılması Qaydaları

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

sədrinin 2009-cu il 29 iyun tarixli

171 nömrəli əmri ilə təsdiq edilmişdir.

 

 

Müsahibənin nəticəsindən narazı qalan şəxslərin

apellyasiya şikayətinə baxılması Qaydaları

 

I. Ümumi müddəalar

 

1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 16-cı bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 10.2-ci, 10.3-cü və 11.8-ci bəndlərinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması məqsədi ilə keçirilən müsahibənin nəticəsindən narazı qalan şəxslərin (namizədlərin və ya müsahibə komissiyasının üzvlərinin) apellyasiya komissiyasına şikayət verməsi, apellyasiya şikayətinə baxılması və qərar qəbul edilməsi qaydalarını müəyyən edir.

2. Apellyasiya şikayətinə baxılmasında məqsəd müsahibənin “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları”nın 4-cü və 5-ci bəndlərinə uyğun olaraq keçirilməsinin müəyyən edilməsidir.  

3. Apellyasiya şikayətinə qanunçuluq, obyektivlik və bərabərlik prinsipləri əsasında baxılır. Apellyasiya komissiyasının işinə müdaxilə yolverilməzdir.

 

 II. Apellyasiya komissiyasının təşkili və apellyasiya şikayətinə baxılması

 

4. Apellyasiya şikayətinə baxılması üçün Komissiyanın sədri tərəfindən apellyasiya komissiyası təşkil edilir. Apellyasiya komissiyası sədr və digər 3 üzvdən ibarətdir.

5. Appelyasiya komissiyasının sədri apelyasiyanın ədalətli və obyektiv keçirilməsini təmin etməlidir.

6.  Apellyasiya şikayətinə baxılması üçün apellyasiya komissiyasının azı 3 üzvü iştirak etməlidir. Apellyasiya komissiyası tərəfindən apellyasiya şikayətinə baxılarkən katib tərəfindən protokol tərtib edilir.

7. Apellyasiya komissiyasının üzvü nəticəsindən şikayət verilən müsahibədə müsahibə komissiyasının üzvü olduqda apellyasiya komissiyasının üzvü kimi apellyasiya şikayətinə baxılmasında iştirak edə bilməz.

8. Namizəd müsahibənin nəticəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (bundan sonra - Komissiya) rəsmi internet saytında yerləşdirildiyi gündən və ya daxili müsahibənin nəticəsi barədə arayış ona verildiyi gündən 5 iş günü müddətində apellyasiya komissiyasına şikayət verə bilər.

Müsahibə komissiyasının üzvü müsahibənin keçirilməsinin obyektivlik və şəffaflıq prinsiplərinin pozulmasına əsaslar olduğu halda müsahibənin keçirildiyi gündən 5 iş günü müddətində apellyasiya komissiyasına şikayət verə bilər.

9. Şikayətdə şikayətçinin adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer və şikayətin yazıldığı tarix göstərilməli, həmçinin şikayət həmin şəxs tərəfindən imzalanmalıdır.

10. Apellyasiya şikayətinə 7 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

11. Apellyasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə ən azı 2 gün əvvəlcədən namizədə və dəvət edilmiş müsahibə komissiyasının üzvünə (üzvlərinə) məlumat verilir.

12. Namizəd tərəfindən verilmiş apellyasiya şikayəti onun iştirakı ilə araşdırılır. Müsahibə komissiyasının üzvü (üzvləri) tərəfindən verilən apellyasiya şikayətinə baxılarkən müvafiq müsahibədə iştirak etmiş namizəd dəvət edilə bilər.

13. Apellyasiya komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq və ya şəxsi yaxınlıq münasibətində olduqda, yaxud apellyasiya şikayətinə baxılması prinsiplərinin pozulmasına səbəb ola bilən hallar mövcud olduqda özü özünə etiraz edir. Namizəd qeyd olunan halları əsaslandırmaqla, apellyasiya komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

Apellyasiya şikayətinə baxılmasına başlanarkən apellyasiya komissiyasının sədri komissiya üzvlərindən öz üzvlükləri barədə bu bənddə nəzərdə tutulmuş etirazlarının olub-olmamasını soruşur.

14. Appellyasiya şikayətinə baxılarkən namizəd apellyasiya komissiyasının üzvlərinə və apellyasiya şikayətinə baxılmasında iştirak edən digər şəxslərə qarşı qeyri-etik hərəkətlərə yol verdikdə və ya apellyasiya şikayətinə baxılmasına maneçilik etdikdə apellyasiya komissiyasının sədri tərəfindən xəbərdarlıq edilə və ya apellyasiya şikayətinə baxılmasından kənarlaşdırıla bilər. Namizəd apellyasiya şikayətinə baxılmasından kənarlaşdırıldıqda apellyasiya şikayətinə onun iştirakı olmadan baxılır.

15. Apellyasiya şikayətinə baxılması üçün namizədin şəxsi işi, video çəkiliş (çəkiliş aparıldıqda),  “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” və “Yekun protokol”, habelə digər zəruri sənədlər apellyasiya komissiyasına təqdim edilir. Apellyasiya komissiyası zərurət olduqda müsahibə komissiyasının üzvünü (üzvlərini), müsahibədə müşahidəçi qismində iştirak etmiş şəxsi (şəxsləri) və müvafiq sahə üzrə mütəxəssisi (mütəxəssisləri) apellyasiya şikayətinə baxılmasına dəvət edə bilər.

16. Apellyasiya komissiyasında araşdırma aşağıdakı qaydada keçirilir:

16.1. namizədin və ya apellyasiya şikayəti vermiş müsahibə komissiyası üzvünün apellyasiya şikayətinə dair mülahizələri dinlənilir;   

16.2. namizədə aid olan və müsahibənin keçirilməsi ilə bağlı olan zəruri sənədlər nəzərdən keçirilir; 

16.3. zərurət olduqda müsahibənin video çəkilişinə (çəkiliş aparıldıqda) baxılır;

16.4. dəvət edilmiş müsahibə komissiyasının üzvü (üzvləri) və müsahibədə müşahidəçi qismində iştirak etmiş şəxsin (şəxslərin) apellyasiya şikayətinə dair mülahizələri dinlənilir;

16.5. digər zəruri hallar araşdırılır.

17. Müsahibə komissiyasının üzvü (üzvləri) namizəd barədə verdiyi qiyməti əsaslandırmalıdır.

 

III. Qərar qəbul edilməsi

 

18. Apellyasiya komissiyası araşdırma nəticəsində aşağıdakı qərarlardan birini qəbul edir:

18.1. müsahibənin nəticəsini qüvvədə saxlayır;

18.2. müsahibənin nəticəsini ləğv edir.

19. Bu Qaydaların 18.2-ci bəndində nəzərdə tutulmuş qərar qəbul edildikdə qanunvericiliyə uyğun olaraq yeni tərkibdə müsahibə komissiyası yaradılmaqla müsahibə yenidən keçirilir.

20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən keçirilmiş müsahibə ilə bağlı apellyasiya komissiyası həmçinin müsahibənin nəticəsini ləğv edə və namizədin müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilməsi və ya aşağı təsnifat vəzifəyə uyğun hesab edilməsi haqqında qərar qəbul edə bilər.

21. Apellyasiya komissiyası tərəfindən qərar qəbul edilərkən yalnız apellyasiya komissiyasının üzvləri iştirak edir. Qərar apellyasiya komissiyası sədrinin sonuncu səs verməsi şərti ilə açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir, apellyasiya komissiyasının üzvləri tərəfindən imzalanır. Səslər bərabər olduqda, müsahibənin nəticəsi ləğv edilir və yeni tərkibdə müsahibə komissiyası yaradılmaqla müsahibə yenidən keçirilir. Apellyasiya komissiyası üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Qərar namizədə 3 iş günü müddətində verilir.

Namizəd və ya müsahibə qrupunun üzvü (üzvləri) apellyasiya komissiyasının qərarından məhkəməyə şikayət verə bilər.

22. Bu Qaydalarla tənzimlənməyən digər məsələlər apellyasiya komissiyası tərəfindən müəyyən edilir.

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag