Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Dövlət qulluqçuları Koreya Respublikasında təlimdə iştirak etmişlər

Dövlət qulluqçuları Koreya Respublikasında təlimdə iştirak etmişlər 2010-cu il 17-25 iyun tarixində Koreya Respublikasının Seul şəhərində Azərbaycan Respublikasının dövlət qulluqçuları üçün “Dövlət qulluğunda insan resurslarının idarəedilməsi və insan resurslarının inkişafı” mövzusunda təlim kursu təşkil edilmişdir.
Koreyanın Dövlət Qulluqçularının Mərkəzi Təlim İnstitutu tərəfindən keçirilən təlim kursunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Bakı Apellyasiya Məhkəməsinin, Nəqliyyat Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
“Koreyada dövlət qulluğu sistemi”, “İxracata yönəldilmiş ticarət siyasəti və sənayenin inkişaf strategiyası”, “Koreya ərazisinin inkişafı strategiyası”, “İnsan resurslarının idarə edilməsinin elektron sistemi”, “Koreya dövlət idarəçiliyinin inkişafı və siyasətinin istiqamətləri“ mövzularını əhatə edən təlim kursunda Koreya və Azərbaycan təcrübəsi barədə fikir mübadiləsi aparılmış və dövlət qulluğunda çağdaş standartların tətbiqi yolları müzakirə olunmuşdur.
Təlim iştirakçıları Koreyada Hunday, Posco, Kolon kimi iri şirkətlərin və Volsonq Atom Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olmuşlar.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag