Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 459 / 01.07.2011 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-IVQD nömrəli Qanununun tətbiqi haqqında

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-IVQD nömrəli Qanununun tətbiqi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
1.1. qüvvədə olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qüvvədə olan normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.
3. Müəyyən edilsin ki:
3.1. bu Fərmanın 3.2-ci bəndində nəzərdə tutulmuş dövlət orqanları istisna olmaqla, digər dövlət orqanlarında dövlət qulluğunda olmanın yaş həddinə çatmış dövlət qulluqçusunu vəzifəyə təyin edən səlahiyyətli şəxs həmin dövlət qulluqçusunun müvafiq vəzifəyə təyin edilməsi barədə qərar qəbul etdikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.2-ci maddəsinə uyğun olaraq həmin dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılmış hesab edilir;
3.2. mərkəzi icra hakimiyyəti orqanına aid sahədə dövlət qulluğunda olmanın yaş həddinə çatmış dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda olma müddəti həmin mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən uzadılır;
3.3. inzibati vəzifələrin birinci-dördüncü təsnifatına aid vəzifələrdə dövlət qulluğu keçən dövlət qulluqçusunu vəzifəyə təyin edən səlahiyyətli şəxs həmin dövlət qulluqçusunun müvafiq vəzifəyə təyin edilməsi barədə qərar qəbul etdikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.3-cü maddəsində nəzərdə tutulmuş razılıq verilmiş hesab edilir.
4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini:
4.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aparatlarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;
4.2. mərkəzi icra hakimiyyəti orqanlarının aparatı istisna olmaqla, mərkəzi icra hakimiyyəti orqanına aid sahədə digər qurumlarda həmin mərkəzi icra hakimiyyəti orqanının rəhbəri;
4.3. Məhkəmə-Hüquq Şurasının aparatında, məhkəmə orqanlarında Azərbaycan Respublikasının ədliyyə naziri;
4.4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Milli Televiziya və Radio Şurasının aparatlarında müvafiq olaraq həmin qurumların rəhbərləri həyata keçirirlər.
5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının ərazisində:
5.1. icra hakimiyyəti orqanlarında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri;
5.2. məhkəmə orqanlarında Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri;
5.3. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının aparatlarında müvafiq olaraq həmin qurumların rəhbərləri həyata keçirirlər.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2011-ci il
№ 459

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag